Yaltaqlar üçün...

7 ay evvel 1791

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Kərimov yazır...

Yaltaqlıq xəstəlikdir, yoxsa şəraitə uyğunlaşıb daha böyük vəzifələrə, imtiyazlara yiyələnmək üçün adi vərdişlərdən biri?

Mənə görə, yaltaqlıq bioloji-mənəvi bir çatışmazlıqdır, insanın natamamlıq kompleksinin zilə qalxmasının bir nəticəsidir.

Yaltaqlıq təkamül nəticəsində canlıların (məncə, heyvanlarda da var) qazandığı ən pis vərdişlərdən biridir.

Mərhum Mirzə Ələkbər Sabirin “Tülkü və Qarğa” təmsilindəki

“Olmasaydı cahanda sarsaqlar,

Ac qalardı, yəqin ki, yaltaqlar” qafiyəsi əsrlərdən bu yana uzanıb gələn yaltaqlıq sindromunu çox gözəl ifadə edir.

Ona-buna quyruq bulamağın forması zamana və zəminlərə görə dəyişir, amma mahiyyəti elə tarixdə necə olubsa, indi də elədir. Uzağı, XXI əsrdə yaltaqlığın bir qolu olan yalaqlığın ali bir səviyyəsi kəşf olunub ki, bu da intellektual yarınmadır.

Belə xarakterləri dəyişmək elmin hələ də üzərində baş sındırdığı zamanı geriyə və ya irəliyə çəkmək kimi müşkül bir məsələdir.

Ən bəlalı problem odur ki, yaltaqlıq kimi individual mənəvi xəstəlik ictimai bir mərəzə çevrilir.

Burada mərəkə qopur, yaltaqlanmaq üçün hamı sıraya düzülür, hətta kimin daha həlim, xoş sözlərlə yaltaqlanmaq uğrunda amansız bir savaşı meydan sulayır. Hətta vəziyyət elə həddə qədər kritikləşir ki, bir yaltaq digər həmkarını bəyənmir, onun təriflərinə ağız büzür. Yəni yaltaqlığı belə, monopoliyaya götürmək üçün qızğın bir mübarizə gedir.

Heç bir halda ictimai bəla halına gələn yaltaqlığa haqq qazandırmaq olmaz, əksinə, onu cəmiyyət olaraq müalicə etmək zərurətini çiynimizdə hiss etməliyik. Hərçənd, tam sağalması da mümkünsüzdür.

Optimal bir variantı belə görürəm ki, yaltaqlara ictimai çıxışlarda az yer verilməli, onlar tədricən informasiya mühitində izolyasiyaya məruz qoyulmalıdır. Çünki onlar hayqırıb qabağa getdikcə, özündən sonrakı nəsillərə pis bir vərdiş aşılanır. Bu vərdiş ictimai hüceyrələrə hopur və ləkə salır, nəticədə gənclər arasında da yaltaqlığın adətə çevrilməsi onların “sələf”lərinin buraxdığı eybəcər bir irs kimi təzahür edir.

Gənc də elə bilir ki, yaltaqlanmasa, kiminsə şəninə təriflər söyləməsə, qabağa gedə bilməyəcək, karyerasında axsayıb şikəst qalacaq.

Halbuki, yaltaqlardan heç kimin, hətta yaltaq nitqinin ünvanlandığı şəxslərin belə, xoşu gəlmir. Çünki yaltaq adam təhlükəlidir, şəraitə buqələmun kimi uyğunlaşıb vaxtı ilə öydüyü insanı da zərbə altına qoyar.

Bunu ağıllı VƏZİFƏLİLƏR və ya özəl şirkətlərin MÜDİRLƏRİ dərk edirlər, amma nə etsinlər ki, onların da işini tərifləyəcək, mübaliğə ilə təbliğ edəcək şəxslər lazımdır.

Mən qətiyyən marketinqdəki şişirdilmiş təbliğatı nəzərə almıram, çünki bu, kapitalist bazar münasibətlərinin tələbi və biznes maraqlarıdır. Mənim gəlmək istədiyim nöqtə, belə işi yaltaqlıqla, müticəsinə, ağasının qulu olmaq formasında aparanların sonradan imtiyaza yiyələnməsi ilə əlaqəlidir.

Burada rəsmi təmsilçilikdə olmayanların üzərinə konsentrasiya olunuruq. Hər hansı şirkəti və ya dövlət qurumunu təmsil etməyənlərin yaltaqlıq üçün növbəyə durmaları lap acınacaqlıdır.

Bir də baxırsan ki, biri xaraktersizlik göstərir, gah o naziri, gah bu məmuru, gah da hansısa mətbuat katibini tərifləyir. Belələri üçün vicdan, ədalət anlayışı isə özünün işləkliyini çoxdan itirib. Vəzifəyə GİRMƏK üçün min-bir oyun çıxaranların qurduqları tamaşanın nə qədər iyrənc göründüyü elələri üçün önəmli deyil.

Burada incə bir haşiyə çıxaq: kiminsə kiməsə simpatiyasının olub onu təbliğ etməsinə gəlincə, buna bütövlükdə yaltaqlıq deyə bilmərik.

Yaltaqlıq böyük bir təmənna güdülərək edilənlərdir, deməli, birinə alternativ gəlir mənbəyi açılsa, o, əvvəlki “dəyər”ini ayaqlar altına atacaq.

Ömrünü ona-buna yarınaraq keçirənlərin mənəvi rahatlıq kodeksini müəyyən edən şey yaltaqlıq ünvanından gələn gəlirlərdir. Bu mənbəni başqa biri əvəzləyib daha yüksək təminat vəd etsə, yaltaqlanan adam üçün prinsip, sədaqət yoxa çıxacaq.

Elələri üçün o məmurun və ya başqa imkanlı birinin qucağından düşüb başqa birinin dizi üstündə əyləşmək elə də çətin deyil.

Yaltaqlığın belə forması ən təhlükəlidir, ictimai münasibətlərin normal tempdə inkişafı önündə qalın bir çəpər tikir.

Yaltağa “yaltaqlanma” demək də olmur, çünki bu, fərdi bir xasiyyətdir, amma ictimai tərəqqi naminə ictimai yaltaqlığın öləziməsi üçün tədbirlər görmək olar.