Azərbaycan yığmasının futbolçusu: “Rəqibin Portuqaliya olması gözlənilməzdir”

7 ay evvel 69

“Rəqibin Portuqaliya olması bir az gözlənilməzdir. Çünki həmin qrupda Serbiyanın şansı daha çox idi”.

Bunu “Report“a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/8 finalında Portuqaliyaya qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

26 yaşlı oyunçu rəqibin güclü komanda olduğunu bildirib:

“Portuqaliyanın oyunlarını izləmişik, güclü və aqressiv komanda olduğunu bilirik. Meydanın hər qarışı uğrunda mübarizə aparırlar. Yəqin ki, onlara qarşı fərqli oyun planında çıxacağıq. Bizi çox çətin və gərgin görüş gözləyir. Rəqibin güclü olmasına baxmayaraq, biz də zəif deyilik. Xalqımızı sevindirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan - Portuqaliya görüşü Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.