ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqını və Kanadanı Vaşinqtona zərər vermək məqsədilə əməkdaşlıq edəcəkləri təqdirdə daha sərt rüsumlarla hədələyib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ağ Ev rəhbəri "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Əgər Aİ ABŞ-yə iqtisadi zərər vurmaq üçün Kanada ilə əməkdaşlıq etməyə qərar versə, cavab olaraq onlara qarşı genişmiqyaslı və hazırda planlaşdırılandan daha sərt rüsumlar tətbiq edəcəyəm", - deyə o bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, bu, hər iki tərəfin "ən yaxşı dostu" olan ABŞ-nin müdafiəsi üçün ediləcək.
10 fevralda ABŞ Prezidenti Donald Tramp xaricdən ölkəyə bütün polad və alüminium tədarüklərinə 25% gömrük rüsumu tətbiq edilməsi barədə göstəriş verib. 12 martda qüvvəyə minən qərar Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Avropa İttifaqı, Kanada, Meksika, Cənubi Koreya və Yaponiyadan olan tədarüklərə aiddir. 4 martda ABŞ administrasiyası Kanada və Meksikadan demək olar ki, bütün idxala 25% gömrük rüsumu tətbiq edib, həmçinin Çindən gələn mallara tariflər 10%-dən 20%-ə qaldırılıb.