“Qaradağ Lökbatan” əsas liqaya yüksələ biləcək? - AÇIQLAMA

2 hefte evvel 12

Futbol üzrə 2023/2024 mövsümü başa çatmaq üzrədir. Sona dörd tur qalmış Azərbaycan çempionatında “Qəbələ” klubunun əsas liqanı tərk edəcəyi dəqiqləşib. 

Azərbaycan Birinci Divizyonunda əsas liqaya vəsiqə qazanmağa üç real namizəd var. “Qaradağ Lökbatan” klubu hazırda 49 xalla turnir cədvəlinin vahid lideridir. Ən yaxın izləyicisi  “İmişli” ondan 3 xal geridədir. İlk üçlüyü 45 xalla “Şamaxı” klubu qapayır.

“Qaradağ Lökbatan” klubunun rəsmisi əsas liqaya yüksələ bilmə ehtimallarını qiymətləndirib. Klubun mətbuat katibi Sənan Məmmədov məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib:

“Hazırda çalışırıq ki, yüksək nəticə əldə edək və çempionatın qalibi olub yüksək liqaya keçə bilək. Komanda liqaya yüksələcəyi təqdirdə əsas planımız lisenziyanın şərtlərinə uyğun olaraq işləri görməkdir. Daha öncə “Neftçi” İctimai Birliyinin nəzdində olduğumuz üçün əsas liqaya yüksələ bilməmişdik. İndi isə sərbəst MMC kimi fəaliyyət göstərdiyimizə görə, liqaya yüksələ bilərik”.

Anar Həsənov