Natəvan Həsənova “Euronews”a danışdı: “Kişilərin üstünlük təşkil etdiyi sahədə uğur qazanmağa inandım” - VİDEO

2 hefte evvel 11

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müasir dünyada gender bərabərliyinə can atmaq və müxtəlif sənaye sahələrində lider qadınların yetişdirilməsinə daha çox sərmayə qoymaq vacibdir”.

Bunu “Euronews”a müsahibəsində “Azərkosmos”un Strategiya və biznesin inkişafı departamentinin direktoru Natəvan Həsənova deyib.

“Azərkosmos”da işləməkdən çox qürur duyuram. Bu gün agentliyimiz 40-dan çox ölkədə 200-dən çox müştəriyə coğrafi məlumat və video xidmətləri göstərir. Bu xidmətlər ətraf mühitin idarə olunmasında, iqlim dəyişikliyinin təsirlərinin monitorinqində və dövlət siyasətinin formalaşdırılmasında kömək edir”, - deyə o vurğulayıb.

Karyera yüksəlişindən danışan N.Həsənova cəmiyyətdə gender bərabərliyinin qorunmasının vacibliyini qeyd edib:

“Azərkosmos”da çalışmağa başlayan zaman texniki menecer rolunun öhdəsindən uğurla gələn qadınlarla tanış oldum. Bu mənə kişilərin üstünlük təşkil etdiyi bu sahədə uğurun əldə edilə biləcəyinə inandırdı”.

Qeyd edək ki, o, 10 nəfərlik komandaya rəhbərlik edir. Onun sözlərinə görə, bu, bərabərliyi və fikir plüralizmini təbliğ edir.

Xüsusilə, o, gənc qadınlara mentorluq edir, onları kosmosla əlaqəli sahələrə daxil olmağa təşviq edir. N.Həsənovanın sözlərinə görə, onun yetirmələri bu sahədə uğur qazanıb və bu, müxtəlif sənaye sahələrində karyeralarında yüksəkliklər əldə etmək istəyən digər qadınlara nümunə olacaq.

Xatırladaq ki, “Azərkosmos” Qafqaz regionunda ilk peyk operatorudur və Azərbaycanın kosmik ekosisteminin inkişafında əsas rol oynayır. Agentlik tez-tez yarışlar, hakatonlar, akselerasiya proqramları və tədbirləri keçirir, 2023-cü ildə isə 132 ölkənin nümayəndələrinin iştirak etdiyi Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib.