Kursantlar (gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi yerdən bölük komandiri tərəfindən yalnız hərbi and içəndən sonra buraxılacaqlar.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan hərbi qanunvericiliyinə dəyişiklik təklif edilir.
Layihəyə əsasən, kursantların həftələrarası istirahət və iş günü hesab edilməyən bayram günlərində növbəti tədris günü saat 08:00-dək buraxılmalarına icazə veriləcək.
4-cü və 5-ci kursların cari qiymətləndirmədən müvəffəq qiymət alan intizamlı kursantlarının yuxarıda göstərilən günlərdən əlavə olaraq digər günlərdə tədris məşğələləri və müstəqil hazırlıq saatları bitdikdən sonra növbəti tədris günü saat 08:00-dək buraxılmalarına icazə veriləcək.
Təklif olunan dəyişikliklər "Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi barədə", "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara aid edilir.
Sözügedən məsələ parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunub.
Mərahim Nəsib