İdarə rəisi: “Otuz gəncdən biri kiberbulinqə məruz qalır”

2 hefte evvel 10

Virtual karabakh

yuxarı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Statistikaya nəzər salsaq görərik ki, otuz gəncdən biri kiberbulinqə məruz qalır”.

Oxu.Az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda çıxışı zamanı deyib.

“30 ölkədə gənclər arasında bir sorğu keçirilmişdi və məlum olmuşdu ki, hər 30 gəncdən biri kiberbulinqə məruz qalır. Bu çox ciddi bir rəqəmdir. Araşdırma aparılan gənclər arasında onların 75 faizi məhz sosial şəbəkələr üzrə kiberbulinqə məruz qaldıqlarını qeyd etmişdilər”.

Tural Məmmədovun sözlərinə görə, daha çox kiberbulinqə məruz qalanlar məktəblilərdir.

“Qeyd olunan rəqəmlərdən görürük ki, kiberbulinqə məruz qalanların çoxu məktəblilərdir. Onların da 20 faizi məhz kiberbulinqin nəticəsində məktəbə, universitetə getməkdən imtina etmiş şəxslərdir. Kiberbulinq çox ciddi təhlükə olaraq gənclərin həm psixoloji vəziyyətinə təsir edir, həm də onların gələcəyi üçün böyük maneə törədir. Bu istiqamətdə ciddi işlər görülməlidir”.

O qeyd edib ki, maarifləndirmə işlərinə təkcə gənclər deyil, eyni zamanda, media nümayəndələri də cəlb edilməlidirlər.

“Maarifləndirmə istiqamətində təkcə gənclər deyil, media nümayəndələrini də təlimlərə cəlb etmək lazımdır. Bəzi hallarda maraqlı və cəlbedici bir məlumat anonimləşdirmədən yayımlandıqda, xəbərdə yer almış şəxslər kiberbulinqin hədəfinə çevirə bilir. Media özü də bilmədən kiberbulinqin vasitəsinə çevrilmiş olur”, - deyə idarə rəisi bildirib.

Almaz Qasımova