Hörmüz boğazında ələ keçirilən gəminin ekipajı azad edilib

2 hefte evvel 10

Aprelin ortalarında Hörmüz boğazında ələ keçirilən “MSC Aries” gəmisinin ekipajı azad olunub.

Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian estoniyalı həmkarı Marqus Tsahkna ilə telefon danışığından sonra bildirib.

“İran humanitar əsaslarla bütün heyəti azad edib. Əgər gəminin kapitanı onları müşayiət etsə, onlar öz ölkələrinə, o cümlədən Estoniyaya qayıda bilərlər”, - deyə İran diplomatik departamentinin “Telegram” kanalında yayımlanan bəyanatda deyilib.

İran Xarici İşlər Nazirliyinin rəhbəri aydınlıq gətirib ki, “MSC Aries” ölkənin ərazi sularında radarını söndürüb və bununla da dəniz naviqasiyasını təhlükə altında qoyub.

Qeyd edək ki, aprelin 13-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz xüsusi təyinatlıları Portuqaliya bayrağı altında üzən “MCS Aries” yük gəmisini ələ keçiriblər. Gəminin israilli milyarder Eyal Oferə məxsus Londonda yerləşən “Zodiac Maritime” ilə əlaqəli olduğu bildirilir. Konteyner gəmisinin göyərtəsində Estoniya, Rusiya, Hindistan, Filippin və Pakistan vətəndaşları olublar.

Mənbə: İz.ru