Güləş üzrə Dünya Olimpiya Təsnifat turnirinin iştrakçıları müəyyənləşib

2 hefte evvel 6

Mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turniri keçiriləcək.

Oxu.Az Güləş qurumun rəsmi saytına istinadla xəbər verir ki, Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan son yarışda ölkəmizi 11 güləşçi təmsil edəcək.

Yunan-Roma güləşçilərimiz turnirin ilk günlərində mübarizə aparacaq. Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) ölkəmizə olimpiya lisenziyası qazandırmağa çalışacaq.

Qadın güləşçilərin yarışında isə Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi təmsil edəcəklər.

I-S kateqoriyalı hakim Asif Şirəliyev turnirdə ədaləti qoruyacaq.

Hər çəkidə ilk üç yeri tutan güləşçilər (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) Olimpiadaya vəsiqə əldə edəcəklər.

Xatırladaq ki, güləşçilərimiz indiyədək 8 lisenziyanın sahibidirlər. Sərbəst güləşdə bütün çəkilərdə (57, 65, 74, 86, 97 və 125 kq), yunan-Roma güləşində isə 67 və 77 kq-da Paris-2024-ə lisenziya qazanılıb.