Blinken bəzi ölkələrin və təşkilatların Qəzzanın müvəqqəti idarəsində iştirakını mümkün hesab edib

8 ay evvel 79

ABŞ Qəzza zolağının idarə edilməsi müvəqqəti olaraq Yaxın Şərqdəki bəzi dövlətlərin və beynəlxalq təşkilatların iştirakı ilə həyata keçiriləcəyini mümkün hesab edib.

Belə bəyanatla ABŞ dövlət katibi Antoni Blinken ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə çıxış edib.

“Biz HƏMAS-ın Qəzzanı idarə edəcəyi status-kvoya qayıtmağa yol verə bilmərik. Biz, həmçinin İsrailin Qəzzanı idarə etməsinə və ya ona nəzarət etməsinə də yol verə bilmərik”, - deyə ABŞ dövlət katibi bildirib.

O, İsrail rəhbərliyinin bunu istəmədiyini və nəticədə bu baş verərsə İsraili dəstəkləməyəcəyini qeyd edib. Blinkenin sözlərinə görə, ABŞ və digər ölkələrin yaxından öyrəndiyi (Qəzza zolağının idarə olunması üçün) bir çox əlavə variant var.

“Bir müddət sonra Qəzzanı idarə etmək və təhlükəsizliyini təmin etmək üçün effektiv və yenilənmiş Fələstin Administrasiyasının yaradılması daha çox məntiqə uyğundur", - deyə dövlət katibi bildirib.

Eyni zamanda, o, bir addımda buna nail olmağın mümkün olub-olmayacağını anlamaq lazım olduğunu vurğulayıb.

“Əgər bu mümkün deyilsə, o zaman regionun bir sıra digər ölkələrinin, beynəlxalq təşkilatların mümkün iştirakı ilə təhlükəsizliyin təmin edilməsinə və idarəetməyə kömək edəcək başqa müvəqqəti həll yolları var”, - deyə Blinken bildirib.

Dövlət katibi vurğulayıb ki, Birləşmiş Ştatlar nəticə etibarı ilə iki xalq üçün iki dövlət konsepsiyasının - İsrail və Fələstinin birgə yaşamasının tərəfdarıdır.

Mənbə: TASS